Sensor Proseslərin Anlaşılması və Sensor Qıcığlandırıcılara Cavab
Bədənimizin daxilindən və ətraf mühitdən hissiyat sistemimiz vasitəsilə aldığımız məlumatlar mərkəzi sinir sistemimizə ötürülərək bir yerə toplanır və harmoniya şəklində emal edilir. Bu, Sensor İnteqrasiya prosesi adlanır və bunun nəticəsində beynimiz adekvat cavab reaksiyası göndərir və bədənimizi hərəkətə keçirir. Beləliklə öyrənmə prosesi gerçəkləşir və yeni məlumatlar, yeni təcrübələr, yeni bacarıqlar öyrənirik. Sensor inteqrasiya, başqa sözlə, hissi təcrübələrimizə mənalı və məqsədyönlü reaksiyalar yaratmaq üçün bədəndən və ətraf mühitdən alınan sensor məlumatı mənalandırmaqdır. Ancaq bu mənalandırma zamanı problemlər yaşandıqda yəni Sensor proses problemlərində beyin qeyri-adekvat cavab reaksiyası göndərdiyi üçün davranışlarımız situasiyaya uyğun olmur (məs: toxunmaya qarşı həddindən artıq həssaslıq, tozsoran səsinə qulaqlarını bağlayaraq, qışqırıb-ağlayaraq reaksiya vermək, heç bir tibbi səbəbi olmadan müəyyən qidaları yeməkdən imtina və s.) və nəticədə öyrənmə prosesində çətinliklər yaşanır. Bu hallarda öyrənmə prosesini dəstəkləmək üçün Sensor terapiya şərtdir. Digər öyrənmə çətinliklərinə istiqamətlənmiş yanaşmalardan fərqli olaraq, sensor proseslərə bağlı öyrənmə çətinliklərində Sensor terapiyadan istifadə edilir ki, o, standart bacarıqları öyrətmir. Beynin anlama, qavrama və motor planlaşdırma qabiliyyətini artırmaq məqsədi daşıyır.
Bu təlim ilə siz, hisslərin təsviri ilə ətraflı tanış olaraq sensor proseslərin necə işlədiyini anlayacaqsınız. Sensor terapiyanın tarixi və əhəmiyyəti haqqında məlumatlara yiyələnəcəksiniz. Təcrübədə rast gəlinən Sensor Proses Problemləri (Sensor İnteqrasiya Problemləri) ilə yaxından tanış olacaq, həddindən artıq (hiper) həssas, həddindən az (hipo) həssas və hissiyat aclığı olan uşaqlarla işləyərkən hansı yanaşma strategiyalarından istifadə etməli olduğunuz barədə ətraflı biliklərə yiyələnəcəksiniz.
Təlimin Məzmunu:
- Sensor Proseslər və Hisslərin təsviri
- Sensor Terapiyanın Tarixi
- Sensor Proses Problemlərinin Təsnifatı
- Sensor Modulyasiya Problemlərinin təsviri, xüsusiyyətləri və yanaşma strategiyaları
- Hissi ayırd etmə Problemlərinin təsviri və xüsusiyyətləri